Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbi (BANM) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında Anlaşma Memorandumu imzalanıb.

İqtisadiyyat.az qurumun yaydığı məlumata istinadən xəbər verir ki, “SOCAR Tower”də SOCAR və ADNSU-nun rəhbər heyətinin iştirakı ilə keçirilən imzalanma mərasimində Anlaşma Memorandumunun ali təhsil ocaqları arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub, sənədin ölkəmizdə rəqabətli insan kapitalının, habelə yüksəkixtisaslı kadr potensialının gücləndirilməsinə dəyərli töhfə verəcəyi vurğulanıb.

Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva 2023-cü ildən etibarən SOCAR-da tətbiq olunan Hədəf Əməliyyat Modelinin əhəmiyyətindən bəhs edib, həyata keçirilməkdə olan layihələrin uğurlu icrasında insan kapitalının önəmini vurğulayıb, eləcə də insan kapitalının inkişafı istiqamətində SOCAR tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Vitse-prezident ölkəmizin ən böyük işəgötürəni olan SOCAR-ın öz sosial məsuliyyətinə sadiq qalaraq, ölkədə məşğulluğun təmin olunması, ali təhsil müəssisələrimizin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən araşdırma və öyrənmə mühitinin optimal səviyyəyə yüksəldilməsi məqsədilə həyata keçirilən uğurlu əməkdaşlıqlardan bəhs edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsini icra edən dosent Vazeh Əskərov ölkədə ali təhsil sahəsində aparılan islahatların ADNSU-da da səmərəli şəkildə həyata keçirildiyini qeyd edib. Vazeh Əskərov ADNSU ilə SOCAR arasında əməkdaşlığın genişləndirilməsinin Azərbaycanda rəqabətli insan kapitalının gücləndirilməsi işinə mühüm töhfə verəcəyini vurğulayıb.

Daha sonra ADNSU-nun ölkənin neft sənayesinə verdiyi töhfələrdən bəhs edilib, əməkdaşlıq çərçivəsində atılacaq addımlar müzakirə olunub.

Tədbir çərçivəsində SOCAR tərəfindən həyata keçirilən müxtəlif təhsil proqramlarının əhəmiyyəti vurğulanıb, yüksək bilik və bacarıqları ilə seçilən perspektivli gənclərin SOCAR-da işlə təmin olunma imkanları xüsusi qeyd olunub.

Görüşdə, həmçinin təlim, tədris, istehsalat təcrübəsi və elmi-tədqiqat sahələrində mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.