"Avqustun 3-də Britaniyanın onlarla şəhərində miqrantlara qarşı etirazların keçirilməsi gözlənilən vaxtda İngiltərə və Uelsdəki hər bir polis bölməsində çevik reaksiya qüvvələri yüksək hazırlıq vəziyyətində olacaq". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, polis sağçı fəalların gələn həftə sonu ölkə boyu təxminən 25 etiraz aksiyası keçirəcəyini gözləyir. Böyük Britaniya daxili işlər nazirinin müavini Devid Hanson nümayişçilərə xəbərdarlıq edib ki, polislər ictimai asayişin mümkün pozulması hallarını yaxından izləyəcəklər və bu cür hadisələrə sərt reaksiya verəcəklər. 

Nəşr qeyd edib ki, müxtəlif idarələrin yüzlərlə polis əməkdaşı iğtişaşlarla mübarizə üzrə əlavə kursları bitirib.

Öz növbəsində Böyük Britaniyanın əsas dini konfessiyalarının nümayəndələri nümayişçiləri etirazlar zamanı təmkinli olmağa çağırıblar. 

"The İndependent" qəzetinin məlumatına görə, bəzi məscidlərin imamları britaniyalı millətçilərin yürüşləri zamanı təhlükə yarada biləcək dini binalarda təhlükəsizliyi gücləndirməyi əvvəlcədən xahiş ediblər. Paralel olaraq ölkənin solçu siyasi qüvvələrinin də irqçiliyə qarşı nümayişlər keçirəcəyi gözlənilir.