Tanınmış şair Elman Tovuz (Elman Həsənli) vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Qeyd edilib ki, E.Tovuz bu gün uzun sürən xəstəlikdən sonra 63 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Elman Şəmşəd oğlu Həsənli 10 aprel 1961-ci ildə Tovuz rayonunun Şıxheybət kəndində doğulub. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) ümumi iqtisad fafültəsini bitirib. Eyni zanamda həmin illərdə Təhsil Nazirliyi tərəfindən təsis edilmiş İçtimai Peşələr Fakültəsində təhsil alıb və jurnalist ixtisasına yiyələnib. Uzun illər ixtisası üzrə müxtəlif sahələrdə çalışıb. 1998-ci ildə avtomobil qəzasına düşərək əmək qabiliyyətini itirib.

O, gənc yaşlarında ədəbi yaradıcılığa başlayıb. Şeirləri ölkəmizin mətbuatında Elman Tovuz imzası ilə müntəzəm olaraq dərc edilib. Bir neçə kitabın müəllifidir.