Növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatıb.

İqtisadiyyat.az-ın xəbərinə görə, Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir.

Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2024-cü il iyulun 13-dən 2024-cü il avqustun 2-si saat 18:00-dək olan dövrü əhatə edib.