Bu gün Beyləqan rayonunda şəhid kapitan Həmid Həmidlinin doğum günü qeyd olunub.

İqtisadiyyat.az xəbər verir ki, əvvəlcə rayonun Milabad kəndində, şəhidin doğulduğu evdən məzarına qədər yürüş keçirilib. Daha sonra şəhidin məzarı başında anım mərasimi keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, ictimai xadimlər, Vətən müharibəsi iştirakçıları, şəhidin valideyinləri çıxış edərək Həmid Həmidlinin qəhrəmanlıq salnaməsinə işıq salıblar.

Qeyd olunub ki, Həmid istər Vətən müharibəsi zamanı, istərsə də antiterror tədbirlərində xüsusi qəhrəmanlıq nümayiş etdirərək onlarla döyüş yoldaşının həyatını xilas edib. Həmidin Vətən müharibəsi zamanı göstərdiyi igidlik bu gün dillər əzbəri olub.

Daha sonra tədbir rayon mərkəzində davam etdirilib. Çıxış edənlər Həmid Həmidlinin valideynlərinə səbr diləyib, bu cür Vətən övladı böyütdükləri üçün təşəkkür ediblər. Sonda şəhidin adından tədbir iştirakçılarına ehsan süfrəsi verilib.

Qeyd edək ki, Həmidli Həmid Əlisahib oğlu 28 iyul 1996-cı ildə Beyləqan rayonunun Milabad kəndində anadan olub. O, 2002 – 2010-cu illərdə Cəbrayıl rayonu 21 saylı ümumi orta məktəbdə, 2010 – 2013-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2013 – 2017-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2017-ci ildə leytenant rütbəsi alaraq təyinatı üzrə N saylı hərbi hissədə tank taqım komandiri, 6 ay sonra xidmətdə fərqləndiyinə görə tank bölüyünün komandiri vəzifəsinə təyin olunub. 2019-cu ildə Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda keçirilən yarışda onun bölüyü l yerə layiq görülüb. 2020-ci il 12 iyul tarixində Ermənistan - Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində başlayan döyüşlərdə iştirak edib. İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Həmid Həmidli 8 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə yaralanıb. Kapitan Həmid Həmidli 2023-cü il sentyabrın 19 - 20-də Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid kapitan Həmid Həmidli “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Şücaətə görə”, “İgidliyə görə”, “Vətən müharibəsi iştirakçısı”, “Vətən uğrunda” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Ailəli idi. İki övladı yadigar qalıb.