“Mr.Fix” markası ilə müxtəlif tikinti məhsulları istehsal edən “Kartaş Ltd.” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) gömrük qaydalarını pozub.

İqtisadiyyat.az xəbər verir ki, buna görə də şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib və iş hakim Fərid Əmirəliyevin icraatına verilib.

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, “Kartaş Ltd.” bir neçə gün əvvəl isə valyuta tənzimi qaydalarını pozduğu üçün Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən cərimələnib.

Qeyd edək ki, Kartaş MMC 2000-ci ildə Azərbaycanda yaradılıb və Mr. Fix brendi ilə tikinti kimyəviləri istehsalına başlayıb. 6,4 milyon manat nizamnamə kapitalına malik olan şirkətin rəhbəri “Mr.Fix”in baş direktoru türkiyəli iş adamı Necmeddin Taşbağadır.