"ABŞ Müdafiə Nazirliyi gərginliyin artacağı təqdirdə İsrailin müdafiəsinə dəstək vermək üçün Yaxın Şərqdəki qüvvələrini yenidən sıralayacaq". 

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.

Jurnalistin müvafiq sualına cavab olaraq Sinq bildirib ki, Pentaqonun milli təhlükəsizlik təhdidlərinə cavab vermək üçün tez qoşun yerləşdirmək imkanı var: "Nəticədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin bölgədəki ABŞ qoşunlarının təhlükəsizliyini gücləndirmək, İsrailin müdafiəsinə dəstəyi artırmaq və ABŞ-nin cavab verməyə hazır olmasını təmin etmək üçün qüvvələrin duruşunda bir sıra dəyişikliklərə göstəriş verəcək".

Onun sözlərinə görə, Ostin İsrailin müdafiə naziri Yoav Qallantla söhbətində ona Birləşmiş Ştatların gördüyü əlavə tədbirlər, o cümlədən indi və gələcəkdə qüvvələr balansında dəyişikliklər barədə məlumat verib.

Bundan əlavə, Ostin israilli həmkarı ilə söhbətində Yaxın Şərqdə vəziyyətin gərginləşməsinin "qaçılmaz olmadığını" və region dövlətlərinin gərginliyin azalmasından faydalanacağını vurğulayıb.