""BakıKart" plastik kartlarını idarə etmək və səfər planlamasını aparmaq üçün yeni tətbiq istifadəyə verilib. Bu tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaya, “BakıKart” plastik kartların balansını artıra və gediş haqqını ödəyə bilərlər".

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən brifinqdə bildirib.

AYNA-nın departament direktoru Sübhan Əbilov isə bildirib ki, mobil tətbiqdə qeydiyyatdan keçmək üçün yalnız mobil nömrə və şifrə kifayətdir:

"İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər. Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verəcək. Həmçinin, istifadəçilərə vaxta qənaət etmək imkanı qazandıracaq və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirəcək". 

Qeyd edək ki, hazırda sistem beta versiyasında çalışacaq. 1 iyuldan tam versiyası fəaliyyət göstərəcək.