Muxtar respublikada 6 bankın 13  filialı, 1 banka məxsus 6 bank şöbəsi, 3 bank olmayan kredit təşkilatı və 1 kredit ittifaqı fəaliyyət göstərir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Onun sözlərinə görə, hazırda Sahibkarlığın İnkişafı Fondu Naxçıvanda fəaliyyət göstərən 3 bank ilə sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyə dəstəyindən yararlanması üçün əməkdaşlıq edir.

"Sahibkarlığın İnkişafı Fondu ilə effektiv əməkdaşlığın nəticəsi kimi 2024-cü ilin yanvar-iyun ayları ərzində ən çox sayda güzəştli kredit verən müvəkkil kredit təşkilatı “Aqrarkredit” QSC, ən çox məbləğdə kredit verən müvəkkil kredit təşkilatları isə “Beynəlxalq Bank” və “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətləri olmuşdur. Bu tədbir çərçivəsində daha bir bankla əməkdaşlıq sazişinin bağlanılması nəzərdə tutulur". 

Nazir müavini muxtar respublikada fəaliyyət göstərən bütün bankları Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq etməyə dəvət edib.