“Nikolayev şəhərində yaşayan azərbaycanlıların bir hissəsi öz avtomobilləri ilə şəhərdən 60 kilometr kənarda yerləşən Arxangelski vilayətinə gəlib”.

Bunu Ukraynanın Nikolayev şəhərində yaşayan və xırda ticarətlə məşğul olan həmyerlimiz Sabir Şirinov deyib.

O bildirib ki, vəziyyətlə əlaqədar Nikolayev şəhərinə giriş-çıxış məhdudlaşdırılıb:

“Buradan da 600 metr kənarda atışma gedir. Küçələrə çıxa bilmirik. 3 ailə gəldik ki, atışmadan uzaqlaşaq. Amma burada da atışma gedir. Camaat ancaq zirzəmilərə yığışır. Bizə deyirlər ki, Kiyevə gəlin, oradan sizi yola salaq, lakin biz Kiyevə gedə bilmərik. Bu, çox təhlükəlidir. Bir cavan oğlan küçəyə çıxmaq istəyirdi, Rusiya əsgərləri tərəfindən tutuldu. Kənd sakinləri güclə oğlanı rusların əlindən aldı”.

Soydaşımızın sözlərinə görə, Rusiya hərbçilərinə məxsus iki PDM maşını xarab oldu:

“Ruslar texnikanı apara bilmədikləri üçün içərisində mərmilərlə birlikdə partlatdılar. Hərbi texnikaları əhalinin əlinə keçməsin deyə yandırdılar. Gecə Kirovoqrad yolunda ciddi atışma olub, partlayış səsləri eşidilirdi”.