Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, TASS-ın baş direktoru Sergey Mixaylov və digər rəsmi şəxslər agentliyin Moskvadakı mənzil-qərargahında açılan “TASS və AZƏRTAC çərçivəsində Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyi” ekspozisiyasına baxıblar.

Bununla bağlı TASS məlumat yayıb.

Sərgi TASS-ın Azərbaycanın milli informasiya agentliyi olan AZƏRTAC ilə birgə layihəsidir.

İyirmi fotoşəkildən ibarət sərgi Rusiya-Azərbaycan xalqları arasında siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə dostluq və əməkdaşlıq tarixinin ən son dövründən bəhs edir.

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman qonaqlara ekspozisiyada təqdim olunan fotoşəkillər barədə məlumat verib. TASS fotoqrafları 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevlə rusiyalı həmkarı Boris Yeltsinin dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında əsas müqaviləni, 2001-ci ildə Heydər Əliyevlə Vladimir Putinin Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında birgə bəyanatı və Qafqazda təhlükəsizliyin təmin edilməsi, həmçinin əməkdaşlığın inkişaf etdirilməsi prinsipləri haqqında Bakı Bəyannaməsini imzalamasını tarixin yaddaşına köçürüblər.

Ekspozisiyada Rusiya Prezidenti Vladimir Putin, Rusiya xarici işlər naziri Sergey Lavrovun, Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana rəsmi səfərlərinin şəkilləri təqdim olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri çərçivəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışına qatılmasını və Rusiya-Azərbaycan əlaqələrinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə Putinin “Dostluq” ordeni ilə təltif edilməsini özündə əks etdirən fotolar da sərgidə nümayiş etdirilib. 

İqtisadi sahədə əməkdaşlığa misal olaraq AZƏRTAC agentliyinin 2021-ci ildə Cəbrayılda “KamAZ” ASC-nin xidmət mərkəzinin və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin təməlinin qoyulmasından bəhs edən kadrı göstərmək olar. TASS Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün hazırlanan “Prezident Heydər Əliyev” adına neft tankerinin “Krasnoye Sormovo” zavodundan suya buraxılması mərasimindən foto təqdim edib.

AZƏRTAC-ın Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışından, Heydər Əliyevlə Rusiyanın və Azərbaycanın Xalq artisti Lyudmila Zıkinanın konsertdən sonra ünsiyyətindən çəkilən kadrları mədəni əlaqələrdən bəhs edir.

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşləri təkcə rəsmi fotoşəkillərlə deyil, həmçinin Bakı sakinləri ilə qeyri-rəsmi görüşündən kadrlarla təqdim olunub.