ABŞ-İsrail vətəndaşlığı olan girov Herş Qoldberq-Paulinin ölümü ilə əlaqədar ABŞ administrasiyası Fələstinin HƏMAS hərəkatının liderlərinə qarşı tədbir görəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin yazılı bəyanatında deyilir.

Onun sözlərinə görə, Qəzza zolağının cənubundakı Rəfah yaxınlığındakı tuneldə İsrail hərbçiləri tərəfindən altı girov cəsədi aşkar edilib, onların arasında Qoldberq-Paulinin də cəsədi var. Dövlət başçısı Amerika vətəndaşının ölümünə görə HƏMAS-ın məsuliyyət daşıdığını bildirib: "Əmin olun ki, HƏMAS liderləri bu cinayətlərin əvəzini ödəyəcəklər, biz qalan girovların azad edilməsi ilə bağlı razılığa gəlmək üçün gecə-gündüz işləməyə davam edəcəyik".

İsrail Müdafiə Qüvvələri daha əvvəl 2023-cü il oktyabrın 7-də Qəzza zolağında döyüş zamanı HƏMAS tərəfindən oğurlanmış bir neçə girov cəsədinin tapılması barədə məlumat vermişdi.