Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov “Türkmənqaz” dövlət konserni və Türkiyənin “Çalik Enerji” şirkəti ilə yeni qaz-kompressor stansiyasının layihələndirilməsi və tikintisi üzrə müqavilə bağlamağa icazə verən fərman imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.

Fərmana əsasən, şirkət həmçinin stansiyanı lazımi avadanlıqla təchiz etməli və istismara vermə işlərini həyata keçirməlidir. Bundan əlavə, müqavilə ümumi şəbəkəyə qoşulmaqla obyekt üçün xarici təchizat mühəndis sistemlərinin və elektrik, qaz, su təchizatı, rabitə və kanalizasiya qurğularının yenidən qurulması və ya yeni tikintisini nəzərdə tutur.

Məlumata görə, qaz-kompressor stansiyası Məryəm vilayətində tikiləcək. Sənəddə tikinti işlərinə 2024-cü ilin sentyabrında başlanması və obyektin 2026-cı ilin sentyabrında tam istifadəyə hazır olması nəzərdə tutulur.

“Çalik Enerji” həmçinin ölkənin Balkan vilayətinin Türkmənbaşı rayonunda, Xəzər dənizinin Türkmənistan sahilində 1574 MVt gücündə elektrik stansiyası tikəcək. Tikinti işlərinin 2027-ci ilin mayında tamamlanaraq istifadəyə verilməsi planlaşdırılır. 

 

Sadiq Cavadov