Finlandiya yeni nüvə tullantılarının utilizasiyası müəssisəsində avadanlıq və utilizasiya sistemlərini sınaqdan keçirməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” dövlət televiziyası təşəbbüsə rəhbərlik edən “Posiva” şirkətinə istinadən məlumat yayıb.

Məlumata görə, işlər “Olkiluoto” atom elektrik stansiyasının yanındakı “Onkalo” anbarında aparılacaq.

Anbarın 2025-ci ildə və ya 2026-cı ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır.

Teleradio şirkəti yaxın aylarda nüvə tullantılarının utilizasiyası üçün avadanlıq və sistemlərin sınaqlarının aparılacağını qeyd edib. Bildirilirb ki, bu halda heç bir işlənmiş nüvə yanacağı prosesə cəlb edilməyəcək.

“Layihə işə salındıqdan sonra tullantılar korroziyadan qoruyan mis qabığı olan çuqun kapsullara yerləşdiriləcək. Bundan sonra onlar 400 metr dərinliyə endiriləcək. Bununla belə, sınaq mərhələsində səkkiz metr dərinlikdəki quyulara yerləşdiriləcək yalnız dörd kapsul istifadə ediləcək”, - məlumatda bildirilib.

 

Sadiq Cavadov