Ombudsman Aparatının əməkdaşları cəzaçəkmə müəssisələrində monitorinq və müşahidə aparırlar.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib.

O bildirib ki, Ombudsman Aparatının əməkdaşları müstəqil şəkildə öz təşəbbüsləri ilə Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edirlər:

"Əməkdaşlarımız həm Bakı şəhərində, həm regionlarda, həmçinin azad olunan ərazilərdə, hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində monitorinq və müşahidə aparırlar. Hazırda biz cəzaçəkmə müəssisəsində məhkumların seçki hüququnun təmin olunmasını müşahidə edirik. Müşahidənin nəticələri haqqında ictimaiyyətə geniş məlumat veriləcək".

Qeyd edək ki, məhkum və həbs edilmiş şəxslər Pentensiar müəssisələridə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.

Seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.