Yekunlaşmaq üzrə olan 2021-ci ildə, Azərbaycan sosial-iqtisadi  müstəvidə qarşıya çıxan çətinlikləri həll edib,eyni zamanda,yenidən dinamik sosial-iqtisadi inkişaf mərhələsinə daxil olub. Bununla bağlı bəzi əsas məqamlara diqqət yetirək:
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, regionda yeni geosiyasi, geoiqtisadi vəziyyət yaradıb. Həmin ərazilərin ümumi iqtisadiyyata reinteqrasiyası Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirib.
İlk olaraq, 6 yanvar 2021-ci ildə Prezident İlham Əliyevin sədrliyi 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirildi. Videoformatda baş tutan müşavirədə 2021-ci il üçün sosial-iqtisadi müstəvidə dövlətimizin başçısı tərəfindən əsas prioritetlər müəyyən edildi;
Azərbaycan Prezidenti yanvarın 25  2021-ci ildə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, 2021-2025-ci illərdə həmin kateqoriyadan olan şəxslər, onların ailələri mərhələli şəkildə mənzillə təmin olunacaq;
Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixdə imzaladığı Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib;
Dövlətimizin başçısı tərəfindən imzalanan bir çox digər fərman və sərəncamlar iqtisadi inkişafda keyfiyyətcə yeni mərhələ keçməyimizi təmin etdi, xüsusən qeyri-neft-qaz sektoru daha dinamik inkişaf edir;
Vergi güzəştləri, investisiya təşviqi sənədi, ölkənin müxtəlif bölgələrində sənaye parklarının yaradılması, biznes mühiti, lisenziyalaşdırılmanın sadələşdirilməsi və digər addımlar sosial-iqtisadi inkişafı daha sürətləndirib;
“Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Prezident İlham Əliyev tərəfindən oktyabrın 16-da Sərəncam imzalanmışdır.
2021-ci ildə ilk on bir ayında qeyri-neft sənayesində 20% dən çox artım qeydə alınıb. Qeyri-neft ixracı isə, 44% artıb və ilin sonuna qədər qeyri-neft ixracı 2,6 milyard ABŞ dolları təşkil edəcək. Azərbaycanın yeni müstəqillik tarixində qeyri-neft ixracı heç vaxt 1,9 milyard ABŞ dollarından yuxarı olmayıb. Amma artıq vəziyyət dəyişib.
Azərbaycanda əhalinin rifah halının davamlı şəkildə yüksəldilməsi dövlətin sosial siyasətində xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin dekabr ayı ərzində əməkhaqları, təqaüdlər, sosial müavinətlərin artımı ilə bağlı imzaladığı çoxsaylı yeni fərman və sərəncamlar bunun növbəti real təsdiqidir.
Əməkhaqları, təqaüd və müavinətlərin artırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan rəsmi sənədlərin icrasına 1.5 milyard manat ayrılacaq, 2.1 milyon insanı əhatə edəcək, onların maddi rifah halının daha da yüksəlməsinə gətirib çıxaracaq. Bu müstəvidə islahatların yeni mərhələsi Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Sərəncamdan irəli gələn məsələlərlə bağlı atılan addımlar, ilk növbədə, həssas əhali qruplarının sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək.
Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləğinin gələn il yanvarın 1-dən 250 manatdan 300 manata çatdırılması vahid tarif cədvəlinin bütün pillələri üzrə artımlara imkan verəcək. Əməkhaqları ilə bağlı son artımlar ölkədə qeydə alınan inflyasiyanın əhalinin maddi rifah halına təsirinin minimallaşdırılması, xüsusilə həssas əhali qruplarına qiymət artımının mənfi fəsadlarının yumşaldılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu gün dünya valyuta bazarında qeyri-sabit vəziyyət müşahidə edilir. Lakin Azərbaycanda fərqli vəziyyət hökm sürür. Azərbaycan iqtisadiyyatında real durum, xarici valyutalara tələb səviyyəsi, eləcə də xarici ticarətlə bağlı vəziyyət və digər amillər manatın məzənnəsinin sabit və dayanıqlı olmasını şərtləndirir. Xarici ticarətdə müsbət saldo, dünya enerji bazarında mövcud qiymətlər, ölkəmizin malik olduğu valyuta ehtiyatları manatın bundan sonra da uzun müddət sabitliyini təmin edəcək. Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi də artaraq 53 milyard ABŞ dollarını keçib.
Enerji və qeyri-neft sektorunda ixrac vəziyyəti, ölkəyə daxil olan valyutanın həcmi manatın məzənnəsinin kifayət qədər dayanıqlı olmasına əsas yaradır. Bundan başqa, ölkəmizdə dövlət borcunun səviyyəsi məqbul həddədir, tədiyyə balansı profisitlidir, iqtisadi artımın sürətli bərpası qeydə alınır. Bu kimi amillər də manatın məzənnəsinə müsbət təsir göstərir.
Ermənistanın işğalına son qoyduqdan, ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycan azad edilmiş ərazilərdə postkonflikt dövründə başladığı abadlıq-quruculuq işlərinin miqyasını daha da genişləndirməkdədir. Hazırda azad edilmiş ərazilərin vahid konsepsiya əsasında bərpası həyata keçirilir. Həmin ərazilərdə müharibə başa çatdıqdan indiyə qədər olan müddət ərzində kommunal, iqtisadi və sosial infrastrukturun qurulması istiqamətində mühüm addımlar atılıb.
Azad olunan ərazilərin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası, burada əhalinin məşğulluğunun təmin edilməsi, istehsal, xidmət, ticarət, nəqliyyat, logistika və digər sahələrin yaradılması da diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Bütün bunlar ümumilikdə Azərbaycanın iqtisadi potensialının daha da güclənməsinə, ümumi daxili məhsul istehsalında ciddi artıma səbəb olacaq.
İşğaldan azad olunan ərazilərdə dağ-mədən, yeyinti, emal sənayeləri, metallurgiya, turizm-rekreasiya, əczaçılıq, taxılçılıq, tərəvəzçilik, üzümçülük, pambıqçılıq, meyvəçilik, heyvandarlıq, quşçuluq, arıçılıq, tikini materialları kimi sahələr böyük inkişaf potensialına malikdir. Bu sahələrə yatırılan sərmayələr həm qeyri-neft ixracının artması və idxalın əvəzlənməsi, həm də dəyər zəncirlərinə qoşulmaq baxımından mühüm əhəmiyyət kəsb edəcək. Həmçinin buraya yeni texnologiyaların cəlbi də iqtisadi inkişafda innovasiyalarla müşayiət ediləcək.
Azad edilmiş ərazilərdə hasil olunan faydalı qazıntılar, mineral sular və digər qeyri-neft məhsullarına da xarici bazarlarda böyük tələbat yaranması proqnozlaşdırılır. Bununla da həmin ərazilər hesabına Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac etdiyi məhsulun həcmində əhəmiyyətli artım gözlənilir ki, bu da iqtisadi inkişafa, ölkəyə valyuta axınına əlavə təkan olacaq.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri də şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsidir. Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət tərəfindən şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının maddi rifahına xidmət edən çoxsaylı sosial layihələr və proqramlar həyata keçirilir. Qeyd edilənlərin növbəti real təzahürü Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə, Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimi fonunda bir daha özünü qabarıq şəkildə büruzə verib.
Dövlət tərəfindən görülən real tədbirlər nəticəsində həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayan ailələrinin demək olar ki, hamısı mənzillərlə təmin olunublar. Digər şəhər və rayonlarda yaşayan şəhid ailələri, müharibə əlilləri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir və hazır olduqca bu kateqoriyadan olan insanlara təqdim edilib. Abşeron rayonunda istifadəyə verilən kompleks də nəzərə alınmaqla indiyə qədər 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Müharibə əlillərinin sosial şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən biri də onların avtomobillə təmin olunmasıdır. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Eyni zamanda, şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına verilən təqaüdlərin məbləği davamlı şəkildə artırılır.
Əhalinin bütün digər təbəqələrinə də dövlət tərəfindən hərtərəfli dəstək və qayğı göstərilir. Yaradılan etibarlı zəmin fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, bu müstəvidə əhalinin yüksək sosial rifahın təmin edilməsi qarşıdakı dövr ərzində də uğurla həyata keçiriləcək. Bu fonda Azərbaycan dayanıqlı iqtisadi və sosial inkişaf modeli ilə dünyanın lider ölkələri sırasında mövqeyini daha da gücləndirəcək.
Fürsətdən istifadə edərək, hər bir vətəndaşımızı təbrik edirəm, növbəti 2022-ci ildə hər birimizə bərəkətli və düşərli il olmasını arzulayıram.


Müəllif: Vüqar Bağırov
"Fins Analitik" MMC-nin rəhbəri