Sentyabrın 1-də ölkəmizdə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün təşkil olunan treninqlər Ağcabədi rayonunda uğurla davam edib. 

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, 85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsi üzrə 366 aşağı seçki komissiyası üzvünü əhatə edib.

Treninq zamanı hər bir aşağı seçki komissiyası üzvünə həm təlimlərdə istifadə etmələri, həm də seçki günü prosedurları ilə yaxından tanış olmaları məqsədilə MSK-nın hazırladığı “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələrinə dair protokol nümunəsi, habelə digər əyani və metodiki vəsaitlər verilib.

Aşağı seçki komissiyaları üzvləri üçün maarifləndirici treninqlər 86 saylı Ağcabədi seçki dairəsində də mütəşəkkil qaydada davam edib.

Dairə seçki komissiyasının sədri Famil İsmayılov bildirib ki, treninqlərə dairənin tərkibinə daxil olan 54 seçki məntəqəsindən 324 nəfər komissiya üzvü cəlb edilib. Kiçik qruplar şəklində gün ərzində iki dəfə keçirilən treninq zamanı seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə prosesi, səslərin hesablanması, protokolun doldurulması və sair mövzularında təqdimatlar edilib, müzakirələr aparılıb və meydana çıxan suallar cavablandırılıb.

Qeyd edək ki, 86 saylı seçki dairəsi üzrə treninqlər avqustun 16-da başa çatacaq.