Çinin ən böyük çip istehsalçılarından biri olan “Advanced Micro-Fabrication Equipment” (AMEC) şirkəti Amerika firmaları ilə iş görülməsini məhdudlaşdırdığı üçün Pentaqonu məhkəməyə verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

AMEC bildirib ki, ədalətsiz olaraq Xalq Azadlıq Ordusu ilə əlaqələndirilib və bu, şirkətin biznesinə və reputasiyasına xələl gətirir. Eyni zamanda, qeyd olunub ki, Şanxay istehsalçısının rəhbərliyi əsasən amerikalılardan ibarətdir.

Çin şirkəti Amerikanın aparıcı firmaları, o cümlədən “Applied Materials” ilə rəqabət aparır.

“Biz inanırıq ki, məhkəmə ədalətli qərar çıxaracaq və “AMEC”in siyahıdan çıxarılmasına qərar verəcək. Bu arada, biz mübahisənin düzgün həlli üçün Müdafiə Nazirliyi ilə əlaqə yaratmaq üçün fəal işləyirik”, - deyə şirkətin açıqlamasında bildirilir.

Bundan əvvəl ABŞ-nin Çinin süni intellekt üçün yaddaş çiplərinə çıxışını məhdudlaşdırmaq niyyətində olduğu bildirilirdi. Həmçinin ştatların Rusiya ilə əlaqələrə görə Çinə qarşı yeni sanksiyalar hazırladığı qeyd olunub.

 

Sadiq Cavadov