Məlum olduğu kimi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olub.

İqtisadiyyat.az “Modern.az”a istinadən xəbər verir ki, daha 3 diplomatımız da namizəd kimi iştirak edir.

Onlardan biri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədovdur. O, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb.

Qeyd edək ki, Q.Məmmədov 4 sentyabr 1979-cu ildə anadan olub. 1999-cu ildən Azərbaycanın diplomatik xidmətində fəaliyyət göstərir.

O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycanın Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.

Deputat olmaq istəyən digər bir diplomatımız isə Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin müdiri Rizvan Nəbiyevdir. O, 49 saylı Abşerom ikinci seçki dairəsindən namizəd olub.

1975-ci ildə andan olan Rizvan Nəbiyev əvvəllər Azərbaycanın Almaniyadakı səfirliyində müşavir olub.

 Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov da seçki yarışına qoşulub. O, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən namizəd olub. 

 Zaur Şükürov 10 dekabr 1971-ci ildə anadan olub.