Azərbaycanda "Yaşıl Kart" sistemi çərçivəsində sığorta xidməti göstərən şirkətlərin sayı açıqlanıb.

Bu barədə İqtisadiyyat.az İcbari Sığorta Bürosundan (İSB) məlumat əldə edib.

Həmin şirkətlərin sayı 8-ə düşüb, ötən il isə onların sayı 10-a çatmışdı.

Hazırda "Yaşıl Kart" sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçı sığorta şirkətləri bunlardır: "AtaSığorta" ASC, "Atəşgah Sığorta" ASC,"Azərbaycan Sənaye Sığorta" ASC, "Bakı Sığorta" ASC, "Meqa Sığorta" ASC, "Paşa Sığorta" ASC, "Qala Sığorta" ASC, "Xalq Sığorta" ASC.

Qeyd edək ki, əvvəllər büronun iştirakçı sığorta şirkətləri arasında “Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti” və “Naxçıvansığorta” ASC də olub. Onların lisenziyası bir müddət əvvəl ləğv edilib.

Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro "Yaşıl Kart" sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.