Azərbaycanın Qazaxıstandakı səfir Ağalar Atamoğlanov Kurık dəniz limanını ziyarət edərkən limanın baş direktoru Serik Axmetovla ərazinin əməliyyat imkanlarını müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın Astanadakı səfirliyinin mətbuat xidməti bildirib.

“Səfir Ağalar Atamoğlanov strateji əhəmiyyətli Orta dəhlizin mühüm nəqliyyat qovşaqlarından biri hesab olunan Kurık dəniz limanını ziyarət etmişdir. Limanın baş direktoru Serik Axmetov liman ərazisinin əməliyyat imkanları, habelə tranzit və yükaşırma potensialı barədə ətraflı məlumat vermişdir. Görüş zamanı Orta dəhliz boyunca tranzit yükdaşımaları sahəsində hazırda müşahidə olunan müsbət dinamikanın qorunub saxlanılması və daha da inkişaf etdirilməsi perspektivləri ətrafında faydalı fikir mübadiləsi aparılmışdır”, – məlumatda diqqətə çatdırılıb.