Birləşmiş Millətlər Təşkilatında (BMT) ölkənin maraqlarını təmsil edən rus diplomatları üçün BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı ətrafında 25 millik zonadan (təxminən 40 km) kənara hərəkətlə bağlı məhdudiyyətlər hələ də qalmaqdadır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Rusiyanın BMT-dəki daimi nümayəndəliyindən məlumat verilib.

“Onlar xatırladıblar ki, diplomatlara və xarici agentliklərin əməkdaşlarına münasibətdə 25 millik zonadan kənara səyahət qadağası uzun illər Rusiya ilə ABŞ (red-əvvəl SSRİ və ABŞ) arasında qüvvədə olub, lakin bu cür səfərlər Amerika tərəfinə bildirişlər göndərildikdən sonra həyata keçirilib. Lakin bu cür tələblər müşavir rütbəsi və ondan yuxarı olan diplomatlara şamil edilməyib. 2022-ci ilin dekabrında isə Amerika tərəfi bu proseduru sərtləşdirdi”, - məlumatda qeyd olunub.

Eyni zamanda bildirilib ki, həmin andan Rusiya diplomatları BMT-nin mənzil-qərargahı ətrafındakı 25 millik zonadan kənara çıxmaq üçün bir dənə də olsun icazə almayıb: “Rusiya Federasiyasındakı amerikalı diplomatlara qarşı güzgü tədbirləri tətbiq edildi və bu tədbirlər hələ də qüvvədədir. ABŞ-nin bu cür hərəkətləri Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin işinə mane olur”.

Rusiya Federasiyasının ABŞ-dəki baş konsulu Nadejda Şumovanın nəşrə verdiyi məlumata görə, Rusiya səfirliyinin əməkdaşlarının da gediş-gəlişi məhdudlaşdırılıb: "Yalnız dörd diplomatın Dövlət Departamentinin icazəsi olmadan 25 millik zonadan kənara səyahət etmək hüququ var”.

 

Sadiq Cavadov