İqtisadiyyat Nazirliyi tərəfindən Qarabağdakı quruculuq işlərinə dair 10 potensial layihə hazırlanıb və bu layihələr Polşa şirkətlərinə təqdim edilib.

Bunu açıqlamasında Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentlinin (AZPROMO​) sədri Yusif Abdullayev deyib.

"Layihələr həmin şirkətlərə maraqlı olarsa, gələcəkdə bu şirkətlərin Qarabağdakı işlərdə iştirakı istiqamətində addımlar atılacaq”, - Y.Abdullayev vurğulayıb.

AZPROMO-nun rəhbəri xatırladıb ki, Polşanın bu sahədə böyük təcrübəsi var: "İkinci Dünya Müharibəsindən sonra Polşa Varşavanın qurulması istiqamətində böyük işlər görüb. Bu gün keçirilən Polşa-Azərbaycan biznes forumunda da Polşa şirkətlərinin Qarabağda aparılan bərpa-quruculuq işlərinə qatılması istiqamətində dəvətlər səsləndirildi və fikir mübadiləsi aparıldı".

Xatırladaq ki, Azərbaycan-Polşa biznes forumu sonuncu dəfə 2020-ci ildə keçirilib.

2021-ci ildə Azərbaycanla Polşa arasında ticarət dövriyyəsinin dəyəri 111 milyon 32 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 2,4 % azdır.

Bu ilin yanvar-avqust aylarında isə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 85 milyon 967 min ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 0,74 % çoxdur.report