2024-cü ilin ilk altı ayında Tacikistan və Rusiya arasında ticarət dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,1% artıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda mətbuat konfransında bildirib.

"İlin birinci yarısının yekunlarına əsasən, Tacikistan və Rusiya arasında ticarət dövriyyəsi 970 milyon dollara çatıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 114,1% təşkil edib", - Zavkizoda bildirib. 

O qeyd edib ki, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,7 milyard dolları ötüb: "Biz Rusiya ilə bütün sahələrdə səmərəli əməkdaşlıq edirik, Rusiyanın Tacikistanın ən böyük ticarət tərəfdaşı olması artıq buna sübutdur".

Nazir izah edib ki, hər il Tacikistan-Rusiya hökumətlərarası komissiyasının iclasları keçirilir, burada ticarət-iqtisadi və investisiya xarakterli bir sıra məsələlərə baxılır.

Onun sözlərinə görə, Tacikistanın Rusiya Federasiyası ilə bir dənə də həll olunmamış problemi yoxdur və hər iki tərəfin ikitərəfli ticarət dövriyyəsini və digər investisiya göstəricilərini daha yüksək səviyyəyə qaldırmaq üçün çox ciddi və praktik niyyətləri var.