Sabahdan başlayaraq 2 gün ərzində Bakı Bulvarında (Kukla Teatrının arxasında) bu ilin son “KOB Fest” – sərgi-satış yarmarkası keçiriləcək.

İqtisadiyyat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Məlumata görə, “KOB Fest” saat 10:00-dan 18:30-a qədər açıq olacaq. Yarmarkada 80-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 800-dən çox çeşiddə məhsul və xidmətləri təqdim ediləcək və satılacaq. Alıcılara əsasən bal, şirniyyat məhsulları, kofe, sərinləşdirici içkilər, zəfəran, mürəbbə, əzmələr, sənətkarların və yaradıcı şəxslərin əl işləri, toxuculuq məhsulları, geyimlər, aksessuarlar, dəri və taxtadan suvenirlər, keramika, rəsm əsərləri, kitablar, təhsil və təlim xidmətləri və s. təklif olunacaq.

“KOB Fest”in məqsədi mikro və kiçik sahibkarların istehsal etdiyi məhsulların satış imkanlarını genişləndirmək, yerli məhsulları tanıtmaqdır.

Festival müddətində mədəni-əyləncəli proqram da təşkil ediləcək.