Hindistan və Avstriya Ukraynadakı münaqişənin beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq sülh yolu ilə həllinə kömək etmək üçün istənilən kollektiv səyləri dəstəkləyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi və Avstriya kansleri Karl Nehammerin Cənubi Asiya respublikasının rəhbərinin Vyanaya səfərinin yekunları üzrə birgə bəyanatında deyilir.

Hindistan Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə deyilir: "Hər iki lider beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə kömək etmək üçün istənilən kollektiv səyləri dəstəkləyib". 

"Hər iki tərəf hesab edir ki, Ukraynada hərtərəfli və davamlı sülhə nail olmaq üçün bütün maraqlı tərəflərin birgə səyləri və münaqişənin tərəfləri arasında səmimi qarşılıqlı fəaliyyət lazımdır", - bəyanatda vurğulanır.

Modi iyulun 9-10-da Vyanada səfərdə olub. Bu, Hindistanın Baş nazirinin 41 ildə Avstriyaya ilk səfəri olub.