Alman geyim və aksesuar istehsalçısı “Hugo Boss AG” 2024-cü il üçün gəlir və mənfəət proqnozlarını aşağı salıb.

İqtisadiyyat.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət çətin makroiqtisadi və geosiyasi şəraitin qlobal istehlak tələbinə mənfi təsir göstərdiyini qeyd edib.

Məlumata görə, bazarda davam edən tənəzzül şirkətin ikinci rübdəki fəaliyyətinə mənfi təsir göstərib. Ən çətin vəziyyət şirkətin əsas bazarlarında - Böyük Britaniya və Çində qeydə alınıb.

Şirkətin proqnozlarına görə, bu il gəlir 4,2-4,35 milyard avro təşkil edəcək, yəni valyuta dəyişmələri nəzərə alınmadan 1-4% artım olacaq. Əvvəllər şirkət bu rəqəmi 4,3-4,45 milyard avro səviyyəsində proqnozlaşdırmışdı.

İlkin məlumatlara görə, ikinci rübdə “Hugo Boss”un gəliri 1% azalaraq 1,015 milyard avro təşkil edib.

“Hugo Boss”un səhmləri ticarətdə təxminən 10% ucuzlaşıb. Bu ilin əvvəlindən onların dəyəri 46% azalıb.

 

Sadiq Cavadov