Yaponiya Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına Ukraynaya 3,3 milyard dollar (5,2 trilyon yen) yardım göstərə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, bu, G7 ölkələrinin Ukraynaya kredit kimi ayırmağa razılaşdıqları ümumi 50 milyard dolların təxminən 6%-ni təşkil edir. Bildirilir ki, sözügedən kredit Qərbdə dondurulmuş Rusiya aktivlərinin faizləri hesabına ödəniləcək.

Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi məsələsi G20 toplantısı çərçivəsində baş tutacaq G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Rio-de-Janeyrodakı görüşündə müzakirə olunacaq.

Bununla belə qeyd olunub ki, Yaponiyanın ayırdığı pul qeyri-hərbi yardım üçün istifadə olunacaq.

Xatırladaq ki, Yaponiya Rusiyanın təxminən 33 milyard dollarlıq maliyyə aktivlərini dondurub. Kreml isə Rusiyanın suveren aktivlərinin dondurulmasını qanunsuz adlandırıb və Qərbi onlardan istifadənin nəticələri barədə xəbərdar edib.

Bundan əvvəl isə G7 ölkələri Ukraynaya təxminən 50 milyard dollarlıq yeni yardım paketi ayırmaq barədə razılığa gəliblər.

 

Sadiq Cavadov