Xəbər verdiyimiz kimi, 2024-cü ilin II rübündə mənzil bazarında qiymətlər 2023-ci ilin II rübünə nisbətən, 9.2% bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin II rübündə ilkin mənzil bazarında qiymətlər, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.3%, təkrar mənzil bazarında qiymətlər isə 9.2% artıb. Belə ki, 2024-cü ilin II rübündə mənzil bazarında qiymətlər əvvəlki rüb ilə müqayisədə 2,2%, o cümlədən ilkin mənzil bazarı üzrə 3.3%, təkrar mənzil bazarı üzrə 2,2% bahalaşıb.

Mənzil bazarında qiymətlər niyə artıb?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, qiymət artımı yalnız yeni tikili və tikilməkdə olan binalarda müşahidə olunur.

Onun sözlərinə görə, bu da onların maya dəyərinin baha olması ilə əlaqədardır. Əmlak eksperti bildirib ki, tikintinin qiymətini artıran əsas amil torpaq sahələridir:

“Artıq torpaq sahələri azaldığından və paralel olaraq qiymətləri baha olduğundan bu, mənzillərin satış qiymətlərinə də təsir edir. Amma ümumilikdə, Bakıda artıq 2023-cü ilin oktyabr ayından başlayaraq mənzil bazarında çox ciddi bir durğunluq hökm sürür. Sadəcə yalnız 2024-cü ilin fevral-mart aylarında ipoteka kreditlərinin verilməsi səbəbindən əmlak bazarında həmin 2 ay ərzində müştəri çoxluğu müşahidə olundu. Digər aylarda, eləcə də hazırda əmlak bazarında durğunluqdur. Bunun da səbəbi alıcı qıtlığıdır. Bu da nəinki qiymətlərin artmasına, həmçinin qiymətin stabil qalmasına gətirib çıxarır. Bu proses bir müddət də davam etsə, artıq qiymətlərdə müəyyən qədər enmələr qaçılmaz olacaq. Hətta süni formada artırılmış qiymətlər belə asta-asta öz keçmiş vəziyyətinə gəlib çıxır”.

E.Fərzəliyev həmçinin təkrar mənzil bazarındakı mövcud vəziyyətdən də danışıb. O, təkrar mənzil bazarında hazırda durğunluğun hökm sürdüyünü söyləyib: “Yalnız təkrar mənzil bazarında mart-aprel aylarında ciddi müştəri artımı olub. Ondan sonra bazar yenidən dayanıb. Tam çökməyib, amma dayanıb. Xüsusən nəzərə almalıyıq ki, yay aylarında əmlak bazarında müştəri qıtlığı həmişə olub. Bu aylarda tələbat əsasən torpaq sahələri və bağ evlərinə olur, çoxmənzilli binaların isə bazarı dayanır”.

 

Sadiq Cavadov