Rusiyada miqrantların deportasiyasına səbəb olan hüquqpozma hallarının siyahısı genişləndirilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz teleqram kanalında bildirib.

O, Dumanın qeyd olunan məsələ ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə daha 20 maddənin əlavə olunması bağlı təklif edilən qanun layihəsini dəstəkləyəcəyini söyləyib.

V.Volodin vurğulayıb ki, Daxili İşlər Nazirliyi qanunvericilik təşəbbüsü hazırlayıb, ona əsasən İnzibati Xətalar Məcəlləsinin əlavə 20 maddəsi ilə miqrant qanununu pozanlara qarşı deportasiyanın tətbiqinin genişləndirilməsi təklif olunur.

Sədrin sözlərinə görə, söhbət ictimai asayiş və ictimai təhlükəsizlik sahəsində hüquqpozmalardan, o cümlədən ekstremist təzahürlərdən gedir.

V.Volodin deyib ki, deportasiyaya zəmin yaradacaq hallar arasında polis əməkdaşının və ya digər hüquq-mühafizə orqanlarının qanuni əmrinə tabe olmamaq, miqrasiya qeydiyyatı aparılarkən yanlış məlumatların verilməsi, xırda xuliqanlıq, nasist atributlarının və ya simvollarının, eləcə də ekstremist təşkilatların simvollarının təbliği və ya ictimai nümayişi, silahla atəşə tutmaq, terror fəaliyyətinə açıq çağırışları ehtiva edən məlumatların, terrorçuluğa açıq şəkildə bəraət qazandıran materialların və ya ekstremist fəaliyyətə çağırış edən digər materialların yayılması və s. mövcuddur.

"Bir sıra maddələrə əsasən, qanunsuz fəaliyyətinə görə ölkədə olması arzuolunmaz olan şəxslərin dərhal (məhkəmə qərarı olmadan) ölkədən çıxarılması təmin edilməlidir. Miqrasiyaya nəzarət məsələsi son dərəcə vacibdir. Deputatlar bunun aktuallığını başa düşürlər. Həm də çoxlu müraciətlər daxil olur, dairələrdə insanlarla ünsiyyət zamanı mövzu müntəzəm olaraq qaldırılır. Miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi bizim üçün prioritet məsələdir. Biz hökumətin, nazirliklərin və idarələrin bu sahədə problemlərin həllinə töhfə verən təkliflərini ən qısa zamanda nəzərdən keçirəcəyik", - Dövlət Dumasının sədri əlavə edib.