Xəbər verdiyimiz kimi, yeni tədris ili üçün vahid tələbə kartı yaradılacaq və həmin kart vasitəsilə tələbələr müəyyən endirimlərdən faydalana biləcəklər.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, vahid tələbə kartının yaradılması müxtəlif istiqamətlərdə istifadə olunacaq əməliyyatları özündə əks etdirən bir platforma olacaq.

Azərbaycanda 51 ali təhsil müəssisəsində 187 min, 54 orta ixtisas təhsil müəssisələrində isə 60 minə yaxın tələbənin təhsil aldığını xatırladan ekspert bildirib ki, onlar gündəlik həyatlarında müxtəlif kartlardan istifadə edirlər:

"Yəni onlar həm tələbə bileti, həm ödəniş vasitəsi kimi metro kartından və yaxud da digər nəqliyyat növlərində istifadə olunan kartlardan istifadə edirlər. Söhbət ondan gedir ki, tələbələrə veriləcək həmin vahid tələbə kartı həm onların yeraltı və yerüstü nəqliyyatda, digər bank əməliyyatlarında, həm də tələbə bileti kimi istifadə etmələrinə imkan verəcək. Həmçinin onun yaradacağı müsbət istiqamətlər ondan ibarətdir ki, tələbələr müxtəlif ictimai iaşə obyektlərində, kafe və restoranlarda, kitab satışı yerlərində endirimlərdən yararlana biləcəklər".

Dünyanın müxtəlif ölkələrində vahid kartlardan istifadə olunduğunu deyən ekspert söyləyib ki, bu, həmçinin tələbələrin ictimai nəqliyyatda gələcəkdə güzəştli istifadə etməsinə də gətirib çıxaracaq bir amildir:

"Vahid tələbə kartı tələbələrə geniş imkan və imtiyazlar verəcək bir platformadır. Çünki hazırda biz tələbələrimizin gün ərzində hansı ictimai nəqliyyatdan, ictimai iaşə obyektlərindən istifadə etdiklərini bilmirik. Bu, bizə imkan verəcək ki, tələbələrin daha çox istifadə etdiyi istiqamətlərdə onlara dəstək verə bilək. Həmçinin ən vacib məqamlardan biri bir kartdan müxtəlif istiqamətlərdə istifadə olunmasına imkan verilməsidir. Müxtəlif kartları bəzən tələbələr unudurlar və yaxud da bir kart digər yerdə keçicilik funksiyasına malik olmur. Amma bu platforma imkan verəcək ki, tələbələr bundan rahatlıqla istifadə edə bilsinlər. Məsələn, qardaş Türkiyədə hətta buna yaşıl kart da deyirlər. Tələbələr ictimai nəqliyyatda, kitab satışı yerlərində, yaxud da tələbələrin fəaliyyətinə aid olan sahələrdə güzəştlər əldə edə bilirlər".

K.Əsədov hesab edir ki, vahid tələbə kartı layihəsi yaxşı bir nəticəyə gətirib çıxara biləcək və Azərbaycan tələbələri vahid platformada birləşəcəklər: "Həmçinin müxtəlif şirkətlər də maraqlı olacaq ki, böyük tələbə kütləsinə birbaşa çıxış əldə etməkdən ötrü onlara rahatlıqla endirimlər təklif edə bilsin, xidmətlər göstərə bilsin. Ümumilikdə, 250 minə yaxın şəxsin vahid platformada birləşdirilməsi tələbələrə olduqca müsbət köməklik göstərəcək".

Bəzi tələbələrin yaşının 18-dən çox olmadığı üçün onlara banklar tərəfindən kart verilmədiyini deyən ekspert vurğulayıb ki, belə olan halda valideynlər də övladlarına pul göndərməkdə, yaxud digər maliyyə mübadiləsində problemlərlə qarşılaşırlar: "Amma vahid kart həm də onlara bank kartı funksiyasını yerinə yetirməyə imkan verəcək və bununla da valideynlər rahatlıqla övladlarına pul köçürə biləcəklər. Bu, Azərbaycan ali təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına öz müsbət təsirini göstərəcək".

Sadiq Cavadov