ABŞ-də prezidentliyə namizədliyini irəli sürən Donald Trampa qarşı sui-qəsd cəhdindən sonra bazarlarda onun seçki yarışında qalib gələcəyinə işarə edən əməliyyatların həcmi artıb. Dollar digər valyutalara və indekslərə qarşı bahalaşarkən, bitkoinin qiyməti 64 min dolları keçərək son 2 həftənin ən yüksək zirvəsinə çatıb.

ABŞ-da keçiriləcək seçkilərdə respublikaçıların dəstəklənməsi daha yumşaq fiskal siyasətin aparılacağı və yüksək gömrük tariflərinin olacağı anlamına gəlir. Bu isə beynəlxalq birjalarda dolların möhkəmlənməsinə və qiymətli kağızların qiymətinin aşağı düşməsinə səbəb olur.

Şimali Amerikanın nəhəng banklarından biri olan Toronto Dominion Bankın qiymətləndirməsinə görə, Trampın qalib gələcəyi ilə bağlı gözləntilər artır. Bankın proqnozunda ilin ikinci yarısı və 2025-ci ilin birinci yarısı üçün dolların bahalaşacağı gözlənilir. Prezident seçkilərində Donald Trampın qalib gəlməsi ehtimalı fonunda ticarət müharibələrinin yenidən güclənməsi və geosiyasi risklərlə bağlı gözləntilər və bunun təsiri ilə qlobal bazarlarda qarışıqlıq getdikcə artır.

ABŞ-nin Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin keçən həftə etdiyi açıqlamalarından sentyabr ayında faiz dərəcələrinin aşağı salınacağı proqnozlaşdırılır və buna uyğun önəmli makroiqtisadi məlumatlar da yaxından izlənilir. Dollar indeksi üç günlük enişin ardından dünən 0,2% artaraq 104,26-ya yüksəlib. Bu gün səhər saatlarından başlayaraq qızılın bir unsiyası 2430 dollara satıldığı halda, Brent markalı neftin bir barel qiyməti təxminən 84 dollardan alıcı tapıb. Dünən isə Nyu-York Birjasında Nasdaq indeksi 0,4%, S&P 500 indeksi 0,28%  artarkən, Dow Jones indeksi 0,53 % artımla rekord bir bağlanışa imza atıb. ABŞ-də indeks fyuçers müqavilələri yeni günə artımla başlayıb. Asiya birjalarında qarışıq tendensiya gözə çarpsa da, ABŞ və Çin arasında yeni ticarət müharibəsi dalğasının başlaya biləcəyi ehtimalı narahatlıqlara səbəb olur.

Xatırladaq ki, Respublikaçılar Partiyasının təsdiq edilmiş namizədi Tramp həftə sonu Pensilvaniyada keçirdiyi mitinqdə silahlı hücuma məruz qalıb. Bu həftə qlobal bazarlar həm də FED sədrinin çıxışı, Avropa Mərkəzi Bankının cümə axşamı günü açıqlayacağı faiz dərəcəsi qərarı, Avro Bölgəsi inflyasiya məlumatları və regional FED prezidentlərinin çıxışlarından da təsirlənəcəkdir.

Eltun İbrahimov
NDU-nun “İqtisadiyyat və marketinq” kafedrasının müdiri,
iqtisad üzrə fəlsəfə doktoru, dosent


Material xüsusi olaraq iqtisadiyyat.az üçün hazırlanıb.