Qlobal investisiya bankları 2024-cü il üçün Çin iqtisadiyyatı ilə bağlı proqnozlarını azaldıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “MarketWatch” məlumat yayıb.

Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin məlumatına görə, aprel-iyun aylarında ölkənin iqtisadi artımı 2023-cü ilin birinci rübündən bəri ən aşağı səviyyəyə, illik ifadədə 4,7% azalıb. Birinci rübdə ÜDM 5,3% artıb.

Məlumata görə, bir çox ekspert qrupu Pekinin 2024-cü ildə ÜDM-in 5%-lik artım hədəfinə çatmaq qabiliyyətini şübhə altına alır. Çünki hökumət tədbirləri indiyədək istehlakçı inamına ağır zərbə vurmaqda davam edən daşınmaz əmlak böhranını həll edə bilməyib.

İyun ayında Çində pərakəndə satışın artım tempi may ayındakı 3,7%-dən illik ifadədə 2%-ə enib. Analitiklər isə orta hesabla 3,3% artım proqnozlaşdırırdılar.

Analitiklər bildirirlər ki, pərakəndə satışların dinamikası ilə bağlı hesabat may ayında istehlakçı tələbatının bərpasının başlanmasına olan ümidləri məhv edib. Onlar, həmçinin əmək bazarında vəziyyətin pisləşməsi, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrində əmək haqqı artımının ləngiməsi əlamətlərini qeyd edirlər.

Pekinin sektoru dəstəkləmək üçün atdığı addımlara baxmayaraq daşınmaz əmlak bazarında davam edən yavaşlama Çin iqtisadiyyatı üçün əsas problem olaraq qalır.

Analitiklər hesab edirlər ki, Pekinin artım sürətini saxlamaq və zəif istehlak tələbini aradan qaldırmaq üçün daha çox stimul tətbiq etməsi lazımdır.