Qlobal istiləşmə ilə əlaqədar günlər uzanır ki, bu da internet və digər xidmətlərdə problemlər yarada bilər.

Bu barədə İqtisadiyyat.az “The Guardian”a istinadən xəbər verir. 

"Günün uzunluğu cəmi bir neçə millisaniyə dəyişir, lakin bu, internet trafikini, maliyyə əməliyyatlarını və dəqiq vaxtın izlənməsinə əsaslanan GPS-i potensial olaraq pozmaq üçün kifayətdir", - materialda deyilir.

Bildirilir ki, günün uzunluğu Ayın cazibə qüvvəsinin okeanlara və torpağa təsiri səbəbindən planetin mövcudluğu boyu durmadan artmışdır. Bununla belə, Qrenlandiya və Antarktidada əriyən buz təbəqələri yüksək enliklərdə yığılan suyu okeana qaytarır, bu da ekvatora yaxın dənizlərdə daha çox suyun toplanmasına səbəb olur. Nəticədə, Yer daha yavaş fırlanır və günün uzunluğu artır.

Qeyd olunur ki, alimlər 1900-2000-ci illər arasında buzun əriməsinin günün uzunluğuna təsirini qiymətləndirmək üçün müşahidələr və rəqəmsal rekonstruksiyalar zamanı toplanmış məlumatlardan istifadə ediblər. Vurğulanır ki, planetin fırlanma sürəti hər əsrdə 0,3 ilə 1 millisaniyə arasında dəyişirdi. Bununla belə, 2000-ci ildən bəri yavaşlama hər əsrdə 1,3 millisaniyə qədər artıb.

Alimlərin hesablamalarına görə, 2100-cü ilə qədər istixana qazı emissiyaları azalmasa, Yerin fırlanmasının hər əsrdə 2,6 millisaniyə yavaşlaması proqnozlaşdırılır.

 

Sadiq Cavadov