Gürcüstanın beynəlxalq hava limanları (Tbilisi, Kutaisi, Batumi) 2024-cü ilin yanvar-iyun aylarında 3,2 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Gürcüstanı beynəlxalq bazarlarda tanıtmaq üçün aktiv marketinq kampaniyaları aparılır ki, bu da həm turist axınının artmasına, həm də sərnişin axınına müsbət təsir göstərir. 2024-cü ilin ilk altı ayında Gürcüstanın hər üç beynəlxalq hava limanı 3 milyondan çox sərnişinə xidmət göstərib. Bu, tarixi maksimumdur”, - məlumatda deyilir.

İlin birinci yarısında hava limanlarında 14 682 uçuş həyata keçirilib. Bu, pandemiyadan əvvəlki 2019-cu ilin birinci yarısı ilə müqayisədə 20% çoxdur.

Respublika Mülki Aviasiya Agentliyinin məlumatına görə, Tbilisi Beynəlxalq Aeroportu ilin birinci yarısında 2,12 milyondan çox sərnişinə (2023-cü ilin eyni dövrü ilə müqayisədə artım 36%), Kutaisi hava limanı 745,9 min nəfərə (artım-12%) Batumi - 334 .4 min (artım - 41%) xidmət göstərib.

2024-cü ilin yanvar-iyun aylarında daşınan sərnişinlərin sayına görə Gürcüstanın aviasiya bazarının lideri 17% payla “Wizz Air” (553,7 min sərnişin) olub. Sonrakı yerlərdə Türk Hava Yollarının payı 9% (287 min sərnişin), “Pegasus”  8% (262,5 min sərnişin), Gürcüstan Hava Yolları 7% (232,9 min sərnişin), Azərbaycan Hava Yolları isə 6% (192,8 min sərnişin) olmaqla qərarlaşıb.

İlin ilk altı ayında Gürcüstan hava limanları ilə hava yük daşımalarının həcmi 23% artaraq 11,02 milyon tona çatıb.

2023-cü ildə Gürcüstana 7,07 milyon beynəlxalq səyahətçi səfər edib ki, bu da 2022-ci illə müqayisədə 30,3% çoxdur. Gürcüstan hakimiyyəti bu il xarici turistlərin sayının 7,9 milyona, turizm gəlirlərinin isə ötən ilki 4,3 milyard dollardan 4,5 milyard dollara yüksələcəyini gözləyir.

 

Sadiq Cavadov