Məlum olduğu kimi Prezident İlham Əliyev Ağdama səfəri zamanı  iş adamlarına çağırış etdi və onları işğaldan azad olunan ərazilərə sərmayə qoymağa çağırdı. Gəncə İş Adamları İctimai Birliyi bu çağırışa cavab verib. Dövlət başçısının çıxışının ardından toplanan  birlik üzvləri Qarabağın yenidən qurulmasında və dirçəlməsində hansı işləri görə biləcəklərini müzakirə edib. Ötən ilin sonunda təsis edilən qurumun əsas məqsədi Gəncə-Daşkəsən iqtisadi rayonunun sahibkarlarını bir araya gətirmək və bu regionun iqtisadi inkişafına tövhə vermək olsa da, birlik Qarabağda yenidənqurma prossesində iştirak etmək istəyir. Bunun üçün iş adamları əvvəlcə İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev ilə online platforma vasitəsilə görüşü planlaşdırılır və qeyd edilən sahələrə necə tövhə verə biləcəyi ilə bağlı məsələlər müzakirə ediləcək.

Ardından isə müvafiq qurumlara müraciət edərək Ağdam və digər işğaldan azad olunan ərazilərə səfər edərək, yatırım imkanları ilə yerində tanış olmaq niyyətini bildirib. Təklifə müsbət cavab veriləcəyi təqdirdə birlik üzvləri gələn həftə ərzində işğaldan azad edilən ərazilərə səfər etməyi planlaşdırır.