Müxtəlif ölkələrdə fərqli templərlə artmaqda davam edən dünya əhalisinin sayı artıq 8 milyard nəfəri ötüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) "Dünya Əhalisinin 2024-cü il Vəziyyəti Hesabatı"nda deyilir.

Məlumata görə, bu il dünyada 65 yaşdan yuxarı əhalinin sayı təxminən 2 dəfə artaraq 10,3%-ə çatıb. Bununla yanaşı, tendensiyanın davam edəcəyi gözlənilir. Əhalinin dinamikası regional artım modellərində, əhalinin sıxlığında və urbanizasiya nisbətlərində əhəmiyyətli dəyişiklikləri ortaya qoyur.

Dünyanın bir çox yerlərində, xüsusilə Avropa, Şimali Amerika və Asiyanın bəzi bölgələrində yaşlı insanların nisbəti artır. Bu tendensiya səhiyyə sistemləri, pensiya və işçi qüvvəsi dinamikası üçün problemlər yaradır.

Hesabata görə, 1974-cü ildə dünyada 65 yaşdan yuxarı insanların nisbəti 5,5 olduğu halda, 2024-cü ildə bu göstərici 10,3 faiz təşkil edib. 2074-cü ildə isə bu rəqəmin yenidən iki dəfə artaraq 20,7 faizə çatacağı gözlənilir.

Hazırda inkişaf etmiş ölkələr yaşlı əhalinin ən yüksək nisbətinə malikdirlər.

 

Gözəl Həşimova