"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin Cəlilabad rayonunda filialının açılışı olub Aqrar Sığorta Müştərək Sığorta Şirkəti bölgələrimizdə filialların açılışını davam etdirir.

Bu günə qədər 1651 qısa nömrəsi və qurumla əməkdaşlıq edən sığorta şirkətlərinin filialları vasitəsilə bölgələrdən müraciətləri qəbul edən şirkət bununla da fermerlərin sığorta xidmətlərindən istifadəsini daha da asanlaşdırıb. Lənkəran-Astara iqtisadi rayonunu əhatə edəcək filial Cəlilabad şəhərində fəaliyyətə başlayıb.

Açılış mərasimində Aqrar Sığorta Fondu İdarə heyətinin sədri Fuad Sadıqov, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, Lənkəran-Astara iqtisadi rayonu DAİM-lərinin nümayəndələri, Fondla əməkdaşlıq edən sığorta şirkətlərinin təmsilçiləri və yerli fermerlər iştirak ediblər. Qeyd edək ki, ölkənin cənubunda yerləşən bu iqtisadi rayona Cəlilabad, Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı inzibati rayonları daxildir.

Kənd təsərrüfatında faraş tərəvəzçilik, kartofçuluq, üzümçülük, taxılçılıq üstünlük təşkil edir. İqtisadi rayon mühüm sitrus meyvəçiliyi rayonudur. Gəlirlərini qorumaq, fəaliyyətlərininin dayanıqlılığını təmin etmək məqsədilə aqrar sığorta xidmətlərindən istifadə edən fermerlərin sayı günbəgün artır.

Cəlilabad şəhərinin mərkəzində bütün fermerlərin rahat gəlib-gedəcəyi ünvanda açılan filial fermerlərə daha yaxın olmaq, yerlərdə onların tələb və təkliflərini dinləmək, müstəqil ekspertlərlə daha sıx və oprerativ əməkdaşlıq etmək imkanı yaradacaq.