“Birgünlük, yalançı əməliyyatların həyata keçirilməsi üçün yaradılan müəssisələrin qarşısının alınması üçün aidiyyəti normativ-hüquqi aktlarda həmin kateqoriya şəxslərin sonradan hüquqi şəxs yaratmasını məhdudlaşdıran layihələrin hazırlanması tədbirlər planında nəzərdə tutulub”.

 Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupunun iclasında çıxış edərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, işçi qrupun rəhbəri Samirə Musayeva deyib.

Onun sözlərinə görə, təhlükəsizliyin qorunması üçün elektron eyniləşdirmənin, elektron autentifikasiyanın daha da təkmilləşdirilməsi nəzərdə tutulur.

“Bu gün elektron qeydiyyatın gücləndirilmiş elektron imza ilə keçirilməsinə baxmayaraq, əfsuslar olsun ki, təcrübədə gücləndirilmiş elektron imzanın da şəxsin iradəsindən asılı olmayan üçüncü şəxslər tərəfindən istifadə edilməsi və üçüncü şəxslərə ziyan vurulması ilə bağlı müraciətləri görürük. Artıq yeni üztanıma və şəxsin bilavasitə eyniləşdirməsinə imkan verən rəqəmsal eyniləşdirmə alətlərinin də nəzərdən keçirilməsi və qanunvericilikdə elektron qeydiyyatla bağlı bu növ imkanların yaradılması da tədbirlər planına daxil edilib”, - deyə Samirə Musayeva qeyd edib.

(c) Vergilər.az