Bu ilin yanvar-sentyabr aylarında Bakı Limanı vasitəsilə 9 316 ədəd təkərli texnika (TIR və qoşqu xaric) daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC məlumat yayıb.

Məlumata görə, bu təkərli texnikaların əsas hissəsi minik avtomobilləridir. Onlar əsasən Gürcüstan, Birləşmiş Ərəb Əmirliyi , Yaponiya, Böyük Britaniya, Belçika, Almaniya və digər ölkələrdən gətirilməklə Bakıya çatdırılır və buradan gəmi vasitəsilə daha çox Qazaxıstan və Türkmənistan olmaqla Mərkəzi Asiya ölkələrinə göndərilir.

Bakı Limanının Avropanın aparıcı logistika şirkətləri ilə əldə etdiyi razılığa əsasən “Toyoto” , “Lexsus”, “BMW” kimi dünya brendlərinin yeni avtomobilləri də bütün təhlükəsizlik qaydaları gözlənilməklə Bakı Limanı vasitəsi ilə Mərkəzi Asiya ölkələrinə çatdırılır. Bu avtomobillər TIR və vaqonların daxilində, həmçinin tək-tək idarə etməklə gəmilərə yüklənir və təyinat ölkəsinə göndərilir.