Bu ilin iyul ayında Azərbaycan 15 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin iyul ayı ilə müqayisədə 2,2 dəfə çoxdur.

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan 66,9 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 43,3 % çoxdur.

Polipropilen "SOCAR Polymer" MMC-nin illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.