"MET-AK" şirkətinə cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və iş hakim Hafiz Kamranovun icraatına verilib.

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, 1997-ci ildə fəaliyyətə başlayan və ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə məşğul olan "MET-AK" şirkəti 2000-ci ildən istehsalat sexlərində müxtəlif məhsullar istehsal edir. Şirkət barəsində bundan əvvəl də cərimə protokolları tərtib olunub.