Amnistiya cəzanın yüngülləşdirilməsi yaxud ləğv edilməsidir. Amnistiya elə bir normativ-hüquq aktıdır ki, o, hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək sanksiyalardan (cəzalardan) azad edir, yaxud yüngülləşdirir. 
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 19-cu bəndinə əsasən amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir. Azərbaycan  Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülməsi də mümkündür.
Amnistiya ilə əfvetmə arasındakı fərqləri bir-birindən fərqləndirmək lazımdır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən əhv etmək Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aiddir. Azərbaycan  Cinayət Məcəlləsinin 82-ci maddəsinə əsasən əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Amnistiya aktları bir qayda olaraq Azərbaycan Respublikası üçün mühim əhəmiyyətə malik olan hadisələr və onların nəticələri vurğulanaraq qəbul olunur. Belə ki sonuncu, yəni “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli, 395-VIQR nömrəli Azərbaycan Respublikasi Milli Məclisinin qərarının preambula hissəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru uzun sürən işğaldan azad etdiyini böyük qürur hissi ilə xatırlanaraq, 2020-ci il noyabrın 8-də Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olan Şuşa şəhərinin qəhrəman Azərbaycan övladlarının hədsiz Vətən sevgisi və şücaəti sayəsində düşmən əsarətindən azad edilməsinin müharibənin gedişində həlledici rol oynadığını və Ermənistan Respublikasının təslim olması ilə nəticələndiyini vurğulanaraq, 8 noyabr tarixinin həmçinin uzun illər işğal altında olan torpaqlarımızın azad edilməsi üçün misilsiz səylər göstərmiş ümummilli lider Heydər Əliyevin vəsiyyətinin həyata keçirildiyi gün olduğunu məmnunluqla yada salınaraq, Vətən müharibəsi dövründə yüksək əzm, möhkəm iradə, vahid amal ətrafında birləşmək, bütün gücünü və imkanlarını səfərbər etmək, əsgərinə, şəhid və qazilərinə sonsuz ehtiram kimi ali xüsusiyyətlərini nümayiş etdirmiş Azərbaycan xalqının özünəgüvən hissinin və qələbə ruhunun Zəfər Günü ilə daha da yüksəldiyini xüsusi qeyd edilərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi ilə bərqərar olmuş ədalət və hüququn aliliyi ideallarının hər bir dövlət və cəmiyyət üçün əhəmiyyətini vurğulanaraq, humanizm ənənələrini davam etdirərək, cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cəzadan azad olunacaq şəxslərin dövlətimizin rifahına və inkişafına öz töhfələrini verəcəklərinə ümid edilərək, Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüs dəstəklənərək və Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 19-cu bəndi rəhbər tutularaq, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan edilməsinin qərara alındığı göstərilmişdir.
Qeyd etmək lazımdır ki, 1995-2021-ci illər ərzində Azərbaycan Respublikası Milli Məclisində 11 amnistiya haqqında qərar qəbul olunmuşdur. “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar isə qəbul olunmuş amnistiyalar sırasında öz əhatə dairəsinə görə ən genişidir. 
Sonda qeyd etmək lazımdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək dövlətimizin siyasətinin əsas prioritetlərindəndir. Ulu öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu humanizm siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyev əfvetmə və amnistiya institutlarının çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edərək cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini inkişaf etdirmişdir. Təsadüfi deyildir ki, “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsün dəstəklənməsi nəticəsində qəbul olunmuşdur.

Mənbə: Füzuli rayon prokurorluğu