Bu gün peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə İqtisadiyyat.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə iştirak edən şəxslərin nəticələri portal.edu.az platformasındakı “şəxsi kabinet” bölümündə yerləşdirilib.

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 17 avqust- 26 avqust tarixlərində (saat 17:00-dək) aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

• attestatın əsli;

• sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

• sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;

• şəxsiyyət vəsiqəsinin surəti;

• 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;

• hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

• güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, 2024/2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 27269 nəfərdən 87656 müraciət daxil olub. Alınan nəticələr bu ilki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 13 % çox olduğunu göstərir.

Peşə təhsil müəssisələrində boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 27 avqust- 3 sentyabr tarixlərində baş tutması planlaşdırılır.