Dəm qazından ölüm hallarına daha çox qış aylarında rast gəlinsə də, bu kimi bədbəxt hadisələr mütəmadi olaraq qeydə alınır. Bəzən məsuliyyətsizlik, bəzən hamam otaqlarında quraşdırılan su qızdırıcıları (“pitiminutkalar”) haqqında məlumatsızlıq, bəzən isə texniki problemlər faciələrə səbəb olur. Dəm qazı zəhərlənmələri ilə əlaqədar davamlı olaraq mümkün təhlükəsizlik tədbirlərinə əməl olunması ilə bağlı çağırışlara baxmayaraq, buna əksər hallarda riayət edilmir. İnsanlar bu kimi təhlükələrdən necə qorunmalıdır?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, qaz avadanlıqları, su qızdırıcıları alarkən mütləq ilk növbədə həmin məhsulun sertifikasiyasına diqqət etmək lazımdır.

Onun sözlərinə görə, yalnız mənşəyi məlum olan cihaz və avadanlıqlardan istifadə edilməlidir: “Onların quraşdırılması zamanı mütləq təhlükəsizlik parametrlərinə, standartlarına riayət edilməlidir. Birinci növbədə mənşəyi məlum olmayan, kustar üsulla düzələn, sertifikasiyası olmayan məhsulu almaq təhlükəsizlik baxımından birmənalı olaraq yolverilməzdir. Çünki bu, onun istismarı zamanı böyük problemlərə gətirib çıxara bilər. Məsələn, mənşəyi məlum olmayan su qızdırıcıları qaz sızmasına, yanma prosesinin pozulmasına və nəticədə dəm qazı əmələ gəlməsinə səbəb ola bilər”.  

Ekspert vurğulayıb ki, təhlükəsizlik baxımından hamam otağında “pitiminutka” deyilən qaz cihazlarının quraşdırılması yolverilməzdir: “Qaz cihazı hamam otağından kənarda quraşdırılarkən rezin boruyla deyil, yalnız metal borularla çəkilməlidir. Qaz cihazı olan otaq ən azı 7 kvadrat, hündürlüyü isə 2,2 metr olmalıdır, bundan əlavə, qapıda xırda dəliklər açılmalıdır. Həmçinin tüstü bacası olmalı və o, ildə iki dəfə təmizlənməlidir. Otaqda havalandırma olmazsa, tüstü bacası işləməzsə, bu, yanma prosesinin pozulmasına və dəm qazının əmələ gəlməsinə səbəb ola bilər. Ona görə də bu amillərə diqqət etmək lazımdır”. 

E.Nurəliyev söyləyib ki, qaz cihazları mütəxəssislər tərəfindən quraşdırılmalıdır. Onun sözlərinə görə, bu işi mütəxəssis olmayan şəxslərə etibar etmək olmaz: “Çünki bu, gələcəkdə təhlükələrə gətirib çıxara bilər. Standarta cavab verən qaz cihazını otağa quraşdırarkən tüstü bacası olmazsa, onun quraşdırılması zamanı qeyri-metal borulardan istifadə olunarsa, ona vaxtında texniki qulluq göstərilməzsə, otağın həcmi nəzərə alınmazsa, əlbəttə ki, bu da onun normal istismarına əngəl yaradacaq. Bu zaman yanma prosesi düzgün getmir və nəticədə dəm qazı, yaxud qaz sızması əmələ gəlir. Ona görə də mütləq qaz cihazı olan otaqda dəm qazı və qaz sızması əleyhinə siqnalizasiya vasitələri, dedektorlar quraşdırılmalıdır. Onlardan istifadə edildikdə qaz sızması olan kimi avtomatik olaraq klapan bağlanır, qazın təchizatı dayanır və istifadəçi bu barədə məlumatlı olur”.

“Azəriqaz”dan isə İqtisadiyyat.az-a bildirilib ki, natamam yanma və təmiz hava axınının təmin edilməməsi dəm qazı yaradır. Qeyd edilib ki, məqbul sayılmayan yerlərdə su qızdırıcı qurğularının quraşdırılması təhlükə yaradır:

“Axımlı su qızdırıcılarının natamam yanma prosesi zamanı yaratdığı dəm qazı təmiz halda gözəgörünməyən, rəngsiz, iysiz zəhərləyici qazdır. Yanma prosesində pozulma nəticəsində dəm qazı əmələ gəldiyi üçün qazla işləyən su qızıdırıcıları standartlara uyğun olmalı və mövcud tələblərə əsasən vanna otaqlarında quraşdırılmamalıdır. Dəm qazının əsas yaranma səbəblərindən olan axımlı su qızdırıcılarında natamam yanma prosesinə bir neçə amil səbəb olur. Əsas səbəb tüstü bacasının olmaması və ya cihazın doğru-düzgün quraşdırılmaması, qaz qurğularında qüsurlar, istismar müddətinin başa çatması, habelə qurğunun yerləşdiyi məkanın ölçülərinin normativ tələblərə uyğun olmamasıdır. Deməli, el arasında daha çox “pitiminutka” kimi tanınan axımlı su qızdırıcıları vanna otaqların yığışdırılarsa, dəm qazından boğulma hallarından qurtulmaq mümkündür. Axımlı su qızdırıcılarının açıq hava şəraitində, eləcə də mətbəxt və ya qeyri-yaşayış otaqlarında quraşdırılması daha məqsədəuyğundur. Bu halda mətbəx və qeyri-yaşayış otaqlarının həcmi mütləq nəzərə alınmalıdır”. 

Sadiq Cavadov