İsrail və ABŞ müdafiə nazirləri Yoav Qallant və Lloyd Ostin telefonla Qəzza zolağında nizamlanmaya dair danışıqların gedişini və İrana qarşı birgə mübarizəni müzakirə ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, söhbət əsnasında Qallant Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı razılığın əldə olunması üçün davam edən müzakirələrin vacibliyini qeyd edib və bu razılaşmanın əldə edilməsinin həm mənəvi, həm də strateji təhlükəsizlik prioriteti olduğunu vurğulayıb. 

Bundan əlavə, Qallant və Ostin İsraili müdafiə etmək və İranı və onun regional tərəfdaşlarını çəkindirmək üçün davamlı əlaqəni müzakirə ediblər. Bununla əlaqədar olaraq, israilli nazir amerikalı həmkarına iki ölkə arasında müdafiə sahəsində əlaqələrin gücləndirilməsinə və ABŞ qüvvələrinin regionda yerləşdirilməsinə görə təşəkkür edib.

Qeyd edək ki, avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və Fələstinin HƏMAS hərəkatının saxladığı girovların azad edilməsinə yönəlmiş məsləhətləşmələrin yeni mərhələsi başlayıb. Danışıqlar Misir, Qətər və ABŞ-nin vasitəçiliyi və İsrail nümayəndə heyətinin iştirakı ilə keçirilir.