ABŞ-nin bir çox ştatlarında ötən həftə həddindən artıq istilər səbəbindən azı 27 nəfər ölüb.

İqtisadiyyat.az-ın “Washington Post”a istinadən məlumatına görə, Kaliforniya, Nevada, Arizona, Oreqon, Vaşinqton və Aydaho ştatlarında təqribən 146 milyon insan həddindən artıq istilər səbəbindən əziyyət çəkir.

Məlumata görə, həddindən artıq istilər nəticəsində Kaliforniyada 14, Oreqonda 10, Merilenddə 2 və Arizonada 1 nəfər həyatını itirib. Dünyasını dəyişən 27 nəfərdən bəzilərinin yaşı 65-dən yuxarı olsa da, həyatını itirənlər arasında gənclərin də olduğu bildirilir.

Nevada ştatının Las-Veqas şəhərində temperatur 48,8 dərəcə, Kaliforniya ştatının Barstou şəhərində isə 47,7 dərəcə göstərdiyi halda, bir çox bölgədə, xüsusən də ABŞ-nin qərbində rekord temperatur müşahidə olunur.

Meteoroloqlar isti hava şəraitinin həftə sonuna qədər davam edəcəyini bildirərək əhalini diqqətli olmağa çağırıb.

 

Sadiq Cavadov