Azərbaycan sərhədçiləri tərəfindən son bir il ərzində 448 nəfər sərhəd pozucusu, 861 nəfər sərhəd rejim pozucusu saxlanılıb, 2594 nəfər hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan, beş nəfər özgəsinə məxsus, 289 nəfər saxta sənədlə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-leytenant Abbas Xəlilov bu gün qurumun 103 illiyinə həsr edilən hesabat tədbirində məlumat verib.

Ümumi dəyəri təxminən 76 443 870 manat olan qaçaqmalın, o cümlədən 95 151 ədəd psixotrop dərman preparatının və 1 ton 14 kq 275 qram narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Eləcə də Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən bir nəfər Azərbaycan vətəndaşı saxlanılıb və altı nəfər şübhəli şəxs qismində müəyyənləşdirilib.