Marketinq Peşəkarları Birliyində rəhbər dəyişikliyi baş verib.

Bu barədə “Marketinq Peşəkarları” İctimai Birliyinin (MPA) İdarə Heyətinin sədri Namiq Bayramov məlumat verib: 

“Nizamnaməyə əsasən qurumun İdarə Heyəti sədrliyinə seçkilər 2 ildən bir keçirilməlidir. Qurum 2017-ci ilin aprelində təsis olunub və həmin gündən bu səlahiyyət mənə həvalə olunub. Lakin qurumun rəsmi qeydiyyatı 2019-cu ilin iyulunda baş tutduğu üçün nizamnamə tələbləri də əsasən həmin tarixdən sonrakı dövrə şamil olunur.

Ötən 6 ay ərzində seçkilərin keçirilməməsinin səbəbi də sektorun əsas iş mövsümünün başlanması və hər kəsin çox məşğul olması ilə bağlı idi. Düşündük ki, yanvar ayı seçki üçün optimal bir dövrdür və ümumi yığıncağın iclasının keçirilməsini istədik. Onlayn formatda keçirdiyimiz bu toplantıda quruma faktiki olaraq rəhbərlik etdiyim 4 ilə yaxın müddət ərzində görülmüş işlərlə bağlı hər kəsi məlumatlandırdım”. 

O, daha sonra İdarə Heyəti sədri seçkisi zamanı növbəti dövr üçün namizədliyini vermədiyini və sektorun tanınmış simalarından, eləcə də, MPA-nın qurucularından biri olan Elnur Nurəliyevin namizədliyini irəli sürdüyünü bildirdi. 

Təklif yekdilliklə dəstəkləndi və Elnur Nurəliyev sədr seçildi. Yaxın zamanda keçirilmiş seçkilərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət ediləcək və Elnur Nurəliyev yeni sədr kimi sektorun uğurları üçün çalışacaq.