Pandemiyadan əvvəl ölkə vətəndaşları istirahət üçün xaricə daha çox gedirdilər. Xaricdə sərt karantin qaydalarının tətbiqi ölkə əhalisinin daxili turizmə marağını daha da artırdı. Bununla da Azərbaycanın ucqar yerlərində ecazkar təbiətinin olduğunu bir daha şahidi olduq. Bu isə Azərbaycanın yenidən kəşf edilməsinə şərait yaratdı. Son illər kəşf edilən məkanlardan biri də Qusarın Laza kəndidir. Hazırda turizm şirkətləri bu kəndə turlar təşkil edirlər. Bəs Lazanı maraqlı edən nədir?

Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 1 300 m hündürlükdə yerləşir. Şahdağ massivi, Qızılqaya massivi və Mıxtökən silsiləsi ilə əhatə olunub. Kənd sıldırım qayalarla əhatə edilib və bu kəndi həm də “Şəlalər diyarı” adlandırırlar. Belə ki, kəndin ərazisində ondan çox şəlalə var. Lazanın hündürlükdə yerləşməsi insanları özünə çəkir. Bu kəndin infrastrukturu əlçatan deyil. Buna baxmayaraq insanlar bu kəndə üz tuturlar. Ümumiyyətlə, Qusarın turizm üçün maraqlı olan dağ və dağətəyi kəndləri çoxdur. Qusarın Laza və digər kəndlərinin turizm infrastrukturunun yaradılması ilə bağlı “Report” Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatının müdiri Heybət Vəliyevlə danışıb.

O deyib ki, Qusarın Laza kəndi tövsiyə edəcəyimiz turizm marşrutu üzrə əsas istiqamətlərdən biridir: “Biz bu yolu əsas turizm marşrutu olaraq götürmüşük. Bu istiqamətdə Dövlət Turizm Agentliyi yolların işarələnməsi strategiyasına əsasən artıq Şahdağ Turizm Mərkəzi, Laza istiqamətində bir haykinq dağ piyada marşrutu və Lazadan digər istiqamətə piyada marşrutu işlənib hazırlanıb. Bu ilin fevral-mart aylarında kənd qonaq evlərinin siyahıya alınması istiqamətində iş aparılıb. Həmin kənddə beşdən çox ev sıyahıya alınıb. Qonaq evlərinin təkmilləşdirilməsi üzrə layihədə dəyərləndirmədən keçərsə istifadə ediləcək. Quba Destinasiya Menecment Təşkilatı bu yaxınlarda Laza kəndinin turizm potensialının tanıdılması istiqamətində video çəkilişlərə başlayıb”.

H.Vəliyev vurğulayıb ki, Lazanın artıq turizm məhsulları üzrə bazası var: “Bələdçilərin, sürücülərin siyahısını hazırlamışıq”.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev deyib ki, Azərbaycanın şimal marşutu çox maraqlıdır: “Quba-Qusar istiqamətində ekoturizmin bütün maraqlı növlərini inkişaf etdirmək olar. Burda aqroturizm sahəsini də əhatə edən, əlavə xidmət sahələrini yaratmaq olar. Kənd turizmi ilə məşğul olan təşkilatlar üçün təşviq siyasəti həyata keçirmək mümkündür. Burda müxtəlif layihələri gerçəkləşdirmək üçün bölgəyə xas layihələrin təqdim edilməsi və bunun maliyyələşdirilməsi və uzunmüddətliyini təmin etmək üçün təkmilləşdirmə proqramını həyata keçirərək, maraqlı bir marketinq araşdırması aparmaq olar. Eyni zamanda, müxtəlif bazarlara sirayət edə biləcək məhsullar hazırlamaq olar. Həmin marşutlar üzrə alt məhsulların da yaradılması burda çox vacibdir”.